Slow Food Səyahət Azərbaycan

Slow Food Səyahət, Slow Food fəlsəfəsinə uyğun bir turizm təcrübəsini inkişaf etdirmək və təbliğ etmək üçün bir layihədir. Slow Food Səyahət Avropa Ittifaqının maliyyələşdirdiyi COVCHEG layihəsinin tərkiblərindən biridir. Layihənin mərkəzində qida və qida istehsalıdır. Bənzərsiz və biomüxtəlif qastronomik özünəməxsusluq layihənin əsasını təşkil edir və bu komponentləri bir-birinə bağlayaraq bir bütün şəklində fəaliyyətini dəstəkləyir. Bu komponentlərə aqroturizm yerləri, restoran və istirahət məkanları, yarmarkalar, tədbirlər və qida və şərab dequstasiyaları kimi əlaqəli fəaliyyətlər daxildir. Nəticə: qarşılıqlı əlaqə quran və bir sistem olaraq işləyən, yemək yolu ilə onları kəşf edən ziyarətçiləri salamlayan bir cəmiyyət. Layihə, turistlərin iştirakı (qida şirkətləri və fermalara səfərlər, dequstasiyalar, tədbirlər və s.) sayəsində yerli mədəni, aqro-qida və qastronomik biomüxtəlifliyin təbliği yolu ilə turizm marşrutları və xidmətlərini inkişaf etdirməyi hədəfləyir. Onun əsas məqsədi turistlər arasında biomüxtəlifliyin və mədəni irsin qorunması, özünəməxsusluq və yerli qastronomiya haqqında maarifləndirmə və məlumatlandırma, habelə turizmin daha dayanıqlı bir modelini yaymaq üçün müxtəlif yerlərdə layiqli iş adamları arasında əlaqələri inkişaf etdirməkdir.

Azərbaycan üçün Slow Food Səyahət layihəsini inkişaf etdirmək üçün ilk addım, oktyabr ayında İtaliyaya tanışlıq səfəri etmək idi. Layihə üçün praktik təcrübə əldə etdiyimiz üçün bu səfər olduqca faydalı oldu. Bu səfəri bir cümlə ilə ifadə edərdim: Slow Food Səyahət, süfrəmizə gələn hər yeməyin arxasında dayanan torpağa və insanların zəhmətinə hörmət etmək, hər yeməyin inqrediyentlərini və hazırlanma formalarını, bir sözlə hekayəsini öyrənməkdir. Bundan əlavə, Slow Food Səyahti, iqtisadi xeyiri cəmiyyət arasında yayan bir mühərrik olaraq görürəm. Turistlər sadəcə bir yerdə qalmaq və oteldə yemək əvəzinə, səyahət etdikləri yeri daha dərindən öyrənərək, bu “yaxşı, təmiz və ədalətli”  yeməklərin arxasında olan hekayələri kəşf etmək üçün yola düşürlər. Bundan başqa turistlərin istehsalçılardan fərqli məhsullar (etiket və paket ilə) almaq şansı da var.

İkinci addım, iştirakçıların kim olacağını (istehsalçılar, restoranlar, otel/qonaq evi və görməli yerlər) təyin etmək üçün Slow Food Səyahət xəritəçəkməsi idi. Xüsusi Slow Food Səyahət anketləri ilə noyabr və dekabr aylarında Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxa getdik və bu iştirakçıların layihəyə uyğunluğunu müəyyən etdik. Bundan sonra, 2 gündən 5 günə qədər olan ilkin Slow Food Səyahət marşrutların yaratdıq. Slow Food Səyahət marşurutunda olan bəzi nümunələri bölüşəcəyəm:

  • Şamaxıda Göylər kəndi (Rahil və Yasəmən şor və motal pendiri istehsal edirlər). Turistlər süd sağımında, ayran düzəltməkdə, nehrə çalxalamaqda iştirak edib öz qaymaqlarını yığıb dadına baxa bilərlər. 
  • Şamaxıda Mədrəsə kəndi (Teymur və Pargar mədrəsə üzümü istehsalçıları). Qonaqlar burda müxtəlif kənd məhsulları (yumurta, pendir və s.) ilə birgə Mədrəsə üzümündən hazırlanmış şərabın dadına baxa bilərlər.
  • İsmayıllının Zarat kəndində Ağaminin evində itburnu yığımı.
  • Turistləri Şəkidə yerləşən Qurbanəlinin su dəyirmanına aparmaq olar. Onlar orda unun necə hazırlandığını görəcək və həmin unla Halvaçı Yəhyada tel və şəki halvası hazırlanması master klasını alacaqlar. 

Növbəti addım netvörkinq və təlimləri təşkil edə bilməyimiz üçün dəqiq iştirakçıları müəyyənləşdirmək olacaq.

Məqalə müəllifi: Nəsimi Sadıqzadə (Yerli Slow Food Turizm Mütəxəssisi)