Slou Fud Səyahət: yeni destinasiyalara doğru

Martın 6-da baş tutan Terra Madre Forumu çərçivəsində Asiyada ilk Slou Fud destinasiyasının yaradılmasında Avropa İttifaqı tərəfindən maliyyələşən COVCHEG (Azərbaycanda Böyük Qafqaz Dağlıq Ərazilərində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi) təcrübəsi təqdim edilib.

Slou Fud Səyahət, davamlılığı və qida biomüxtəlifliyini yaddan çıxartmadan yerli qastronomik mədəniyyət ilə yaxından tanış olmaq istəyən məsuliyyətli səyyahlar üçün nəzərdə tutulub. Bu baxımdan, Azərbaycan maraqlı kəşflər etmək, folklorla yanaşı orijinal və minilliklərə söykənən ənənələrlə tanış olmaq üçün ideal yerdir.

‘Azərbaycanda yeni destinasiyaya doğru’ təcrübəsi COVCHEG layihəsi üzərində işləyən şəxslərin hekayələri əsasında təqdim edilib. Terra Madre (https://terramadresalonedelgusto.com/en/) iştirakçıları bu torpaqların əsl mühafizəçiləri olan qida istehsalçıları ilə dialoq quraraq unikal qastronomik ənənələrlə tanış olublar.

“Layihə qida məhsullarının əsl dəyərinin təbliğinə, biomüxtəlifliyin qorunub saxlanılmasına, həmçinin kiçik və ortamiqyaslı qida istehsalçıları üçün əlavə gəlir mənbəyinin yaradılmasına xidmət edir” – deyə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib.

“Slow Food Səyahət, icmalara ciddi təlimatlara və Slou Fud fəlsəfəsinə riayət etməklə, yerli qastronomik irsi inkişaf etdirəcək müttəfiqliklər quraraq keyfiyyətli qastronomik destinasiya kimi öz potensiallarını inkişaf etdirmək imkanı təklif edir. Məqsəd səyyahları qida biomüxtəlifliyinin qorunması, həmçinin yerli mədəniyyət, kimlik və qastronomiya haqqında məlumatlanmağa cəlb etməkdir. Marşrutun bir neçə nöqtəsi Slou Fud Prezidiyasına həsr olunacaq. Bu, səyyahlara Dad Gəmisi məhsulları ilə tanış olmağa və Terra Madre qida icmalarında qalmağa imkan verəcək”.

Slou Fud Səyahət destinasiyasının yaradılmasında pilot regionlardan – Qax, Qəbələ, Şəki, İsmayıllı və Şamaxıdan bir çox benefisiarlar – istehsalçılar, restoran və qonaqlama kimi iaşə müəssisələri iştirak ediblər.

“Karantin məhdudiyyətlərinə görə layihə çərçivəsində regionlara səfər etmək, layihə iştirakçıları arasında tanışlıq və əməkdaşlığı təmin etmək asan olmayıb” – deyə Slou Fud Səyahət koordinatoru Nəsimi Sadiqzadə bildirib.

“Qət edilməli hələ uzun yol var, ancaq biz çox inamlıyıq. Ona görə ki, layihə bizə pilot regionların potensialını üzə çıxarmaq və onu dünyaya tanıtmaq imkanı verib. Biz təkcə ölkəmizin məhsullarını tanıtmaq və istehlakçıların evinə yollamaq deyil, Slou Fud və xüsusilə Slou Fud Səyahət fəlsəfəsinə uyğun olaraq, istehlakçıları məhsulların yanına gətirmək, beləcə təchizat zəncirini qısaltmaq istəyirik”.

Slow Food, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi və Azərbaycan Turizm Bürosu (ATB) ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn COVCHEG layihəsi vasitəsilə Azərbaycanda yerli biomüxtəlifliyin qorunması, dayanıqlı dəyər zəncirinin yaradılması və ucqar icmalarda əlavə gəlir mənbəyi kimi qastronomik turizmin təşviqini həyata keçirir. Yerli dövlət orqanları, vətəndaş cəmiyyəti qrupları və digər tərəflərlə birgə fəaliyyət göstərərək Aİ-Azərbaycan tərəfdaşlığı yerli icma və qastronomiyada, həmçinin biomüxtəlifliyin və mədəni irsin mühafizəsində Aİ təcrübəsini paylaşır.