Qovurma

Qovurma, Naxçıvan bölgəsinə aid ənənəvi emal edilmiş ətdir. Qışda istifadə etmək üçün yaz, yay və payız aylarında hazırlanır. Tarixi çox qədim dövrlərə bağlıdır. XV əsrdə qələmə alınmış “Kitabi-Dədə Qorqud” dastanında bu qidadan bəhs olunur.

Qovurma daha çox dana və ya quzu ətindən hazırlanır. Ət təxminən 120-150 qramlıq hissələrə bölünür və bir gün dinləndirilir. Dinləndirildikdən sonra, ət parçalarının üzərinə bir az duz səpilir, qazana qoyulur və vam xodda bişirilir. Sonra su süzülür, ət bol yağ və bir az duz ilə tavaya qoyulub asta-asta qızardılır. Bişdikdən sonra dərin saxsı qablara yığılır və üzərinə tam örtülənədək əridilmiş yağ tökülür. Qoyun əti istifadə edilərkən qoyunun quyruğu əridilir və kərə yağı yerinə qaba tökülür. Daha sonra saxsı qablar torpağa basdırılır, qovurma 1-2 ay sonra istifadəyə hazır olur.

Azərbaycan mətbəxində qovurmadan bir çox xörəklər – qovurma yumurta, qovurma bozbaşı və qovurma əvəlik hazırlanır.