Qarabağ qoyunu

Qarabağ qoyunu qaba yunlu, kök quyruqlu qoyun növüdür. Bu qoyunlar dözümlülüyü və ilboyu otlama qabiliyyətinə ilə xarakterizə olunur. Hətta, ilin daha sərt dövrlərində belə, onlar cüzi otlaqlarla kifayətlənirlər. Onlar fəsil dəyişiklikləri zamanı, ən yaxşı otlaqları tapmaq üçün, ərazidən əraziyə köçməyə də yaxşı uyğunlaşıblar. Qarabağ qoyunlarının uzun ayaqları və güclü sümükləri olur. Erkəkləri buynuzlu və ya buynuzsuz ola bilər, amma dişiləri, bir qayda olaraq, buynuzsuzdur. Erkəkləri yetişkin çağında 65-75 kq, dişiləri isə 55-65 kq olur. Yunlarının rəngi qırmızıdan qəhvəyiyə, ağa doğru dəyişir. Nadir hallarda qara və ya boz rəngdə olurlar. Başları və ayaqları qısa, qalın qəhvəyi rəngli tüklə örtülü olur.

Bu qoyunların südündən pendir istehsalı üçün istifadə olunur. Pendir tərsinə çevrilmiş qoyun dərilərində uzun müddət saxlanılır ki, təbii qursaq mayası dəridən südə keçsin. Bu növ pendir şəxsi və ya ailə istehlakı, yaxud qonşu kəndlərdə kiçik miqyaslı satışlar üçün hazırlanır. Bundan əlavə, Qarabağ qoyununun quyruğu ətrafında toplanan piy, tərəvəzdən, heyvan ətindən və yağından, düyüdən hazırlanan yerli yeməyin – plovun əsas inqrediyentlərindən biridir. Bu cinsin əti zərif və yumşaqdır, tərkibindəki xolesterinin miqdarı aşağıdır. Ətdən milli xörəklərdə çox istifadə olunur; çünki Azərbaycan mətbəxinin əksər yeməklərinin əsasını quzu əti təşkil edir.

Bu cins öz adını zamanında təbii olaraq seçildiyi yerdən – Qarabağın  dağlıq bölgəsindən  götürmüş və sonra Azərbaycanın digər bölgələrinə yayılmışdır. Əsasən, kiçik fermerlər tərəfindən öz şəxsi və ya ailə istehlakı üçün, nadir hallarda isə ticarət təsərrüfatı əməliyyatları üçün saxlanılır. Bununla belə, böyük tarixi keçmişə malik olmasına və yerli şəraitə uyğunluğuna baxmayaraq, Qarabağ qoyunu, tədricən daha çox süd və ət verən idxal olunmuş cinslərlə əvəz edildiyindən, itirilmə təhlükəsi ilə üz-üzədir.