Prezidia – Slow Food Təşəbbüsü Azərbaycanda fəaliyyətə başlayır

Slow Food Prezidia layihəsi 1999-cu ildə fəaliyyətə başlayıb. Yoxa çıxma təhlükəsinə məruz qalan ilk 100 məhsulu Dad Gəmisi Layihəsində kataloqlaşdırdıqdan sonra Slow Food daha da irəli getmiş və istehsal prosesi dünyasına daxil olmaqla məhsulların öz başlanğıcını aldığı bölgələri öyrənmiş, istehsalçılarla görüşmüş və onların bilik və bacarıqlarını və məhsullarını təbliğ etmişdir.

Prezidia yoxa çıxma təhlükəsinə məruz qalan keyfiyyətli istehsalı, unikal region və ekosistemləri qoruyub saxlayır, ənənəvi emal metodlarını bərpa edir və yerli cins və bitki növlərini mühafizə edir. Ötən illər ərzində bu layihə Slow Food-un siyasətini kənd təsərrüfatı və biomüxtəliflik sahəsində tətbiq etmək baxımından ən təsirli vasitələrdən biri olmuşdur.

Bu gün 70-dən çox ölkədə 13000-dən çox istehsalçını özündə birləşdirən 500-dən çox Prezidia mövcuddur. 

Aİ tərəfindən maliyyələşdirilən COVCHEG layihəsinin bir komponenti Azərbaycanda Slow Food Prezidiasının qurulmasına həsr edilib. Müxtəlif yerli və beynəlxalq qurumlardan olan nümayəndə və ekspertlər birlikdə işləyərək Prezidia olmaq potensialına sahib Dad Gəmisi məhsullarını seçiblər və həmin məhsulların istehsalçılarının potensialını artırmaq məqsədilə təlim sessiyaları həyata keçiriblər. 5 pilot rayondan (yəni, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qax) olan kiçik və orta istehsalçılar ilə danışıqlar prosesi və əməkdaşlıqdan sonra bu vaxta kimi 50 nəfər istehsalçı Azərbaycanın kənd təsərrüfatı biomüxtəlifliyinin Mədrəsə üzümü, Ata-baba fındığı, İtburnu nektarı, Qafqaz camışı, Dağ balı və Marsan pomidoru kimi unikal elementləri üçün altı yeni Prezidianın təsis edilməsində iştirak edib.

Bu səfərlər zamanı təsərrüfatçılar üçün prioritet olan məsələlər, həmçinin onların narahatlığına səbəb olan məsələlər və Prezidia kimi ortaq əməkdaşlıq platformaları müzakirə edilib. Yaxın gələcəkdə yeni Prezidia təsis edilərkən prosesdən öncə həmin müzakirələrin nəticələri nəzərə alınacaqdır. Bu günə kimi olan müşahidələrimiz əsasında deyə bilərik ki, yuxarıda adları qeyd edilən rayonlardakı yerli təsərrüfatçılar Prezidiya layihəsinin bir parçası olmağa razıdırlar; bu da Azərbaycanda yox olma təhlükəsinə məruz qalan bütün ərzaq məhsullarının uğurlu şəkildə kommersiyalaşdırılmasının qarşısını alan maneələri aradan qaldırmaqla istehsal prosesinin bütün iştirakçılarına böyük fayda verəcəkdir.

Prezidia layihəsi haqqında qısa təqdimatda iştirak etdikdən sonra Mədrəsə kəndindən olan gənc təsərrüfatçı təəssüratını belə ifadə etmişdir: “Biz əməkdaşlığı uğurlu şəkildə həyata keçirə və kiçik təsərrüfatçı brendləri vasitəsilə öz məhsullarımızı kommersiyalaşdıra bilsək, gənclərdən heç biri xaricə fabriklərdə işləməyə getməz.”

Ekspertlərimiz bütün zəruri məlumatları toplayıblar və hazırda hər Prezidiya üçün istehsal protokolunu hazırlamaq üzərində işləyirlər. Yerli istehsalçıların bu layihədə iştirak etməyə həvəsli olması bizi təkcə yüksək dərəcədə məmnun etmir, həm də məhsul yığımı və istehsal zamanı bir qayda olaraq, ümumən rast gəlinən problemlərin azaldılması istiqamətində hərəkətə keçməyə sövq edir.

Məqalə müəllifi: Mustafa Bayramlı