Motal pendiri

Motal pendiri Qafqazda istehsal olunan ənənəvi pendir növüdür. Bu məhsul çox böyük tarixə malikdir; qoyunçuların, onların heyvanlarının qış və yay otlaqları arasında hərəkəti, onların süd məhsullarını qorumaq tələbatları ilə əlaqədardır. Motal pendiri dağ otlaqlarında, xüsusən də yazın sonlarında az miqdarda istehsal olunur. Onun adı, saxlandığı qoyun və ya keçi dərisindən olan çuvaldan götürmüşdür. Çuval dərinin tüklü tərəfini içəri çevirməklə hazırlana bilər; tük içəridə olanda, pendirin qatılaşdırılmasına (beləliklə, daha az qursaq istifadə olunur) və mayalanmasına kömək edir, həm də artıq duzu əmir. Bu üsulun mənfi tərəfi tüklərin pendirdə qalmasıdır. Çuval tüklər çöl tərəfdə qalan şəkildə hazırlandıqda, daha çox qursaq əlavə edilməlidir. Qursaq pH-ı tənzimləmək üçün bir qədər taxıl və dəmir parçası ilə bir ay duzlu suda saxlanılan quzu qursağından hazırlanır. Pendir hazırlamaq üçün, hər 10 litr südə (qoyun və/və ya keçi südü) bir qaşıq qursaq əlavə olunur. Kəsmiklər zərdabdan ayrılır və qurumağa qoyulur. Sonra isə duzlanaraq dəri çuvala yığılır. Bir az şor əlavə olunur ki, bu da motal pendirinə müvafiq dad verilməsinə kömək edir. Dağ kəklikotusu da əlavə edilə bilər. Dəri çuvalda heç bir deşiyin olmaması və içərisindən havanın tamamilə çıxarılması və ağzının möhkəm bağlanılması vacibdir. Sonra pendir kisələri özünü tutması üçün ən azı 1 ay, ən yaxşısı isə 3-6 ay sərin yerə qoyulur. Saxlama zamanı çuvallar hər 4-5 gündən bir çevrilir. Qeyd etmək lazımdır ki, motalın şüşə, keramika və ya plastik qabda yetişdirilməsi pendirin fərqli xüsusiyyətlərini ortaya çıxarmaq üçün təsirsizdir.

Motal pendiri tez ovulan və çox duzlu olur. Hazır formada, ümumiyyətlə, təxminən 0.5-1 kq-lıq hissələrə bölünür. Ağımtıl və ya açıq sarı rənglidir, dadı yetişmiş mavi pendir dadına bənzəyir. Düzgün yetişdirildikdən sonra motal pendiri bir neçə il saxlanıla bilər. Çörək, soğan, sarımsaq, reyhan və quru qırmızı şərabla yeyilməsi tövsiyə olunur. Motal pendirini doğranmış göyərti (keşniş, şüyüd, soğan və reyhan) və təzə xiyar dilimləri ilə lavaşa bükərək də yeyə bilərsiniz.