Milli Slou Fud Aşpazlar Alyansının fəaliyyətinə başlayan Slow Food Azərbaycan Terra Madre Salone Del Gusto 2020 sərgisində virtual olaraq təqdimatda iştirak edib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən COVCHEG layihəsi Slow Food Azərbaycana həsr olunmuş Terra Madre bazarına virtual olaraq qapılarını açdı və Slou Fud Azərbaycan Aşpazlar Alyansının fəaliyyətinə start verdi.

Qida biomüxtəlifliyini qoruyan beynəlxalq aşpazlar şəbəkəsinə qoşulan 7 aşpaz – Orxan Muxtarov (Boulevard Hotel Baku), Tural Kərimli (Dushbara Restaurant), Vüsal Talıbzadə (Excelsior Hotel&Spa), Rüfət Əliyarov (High Boost Restaurant), Firdovsi İsmayılov (Yaban Pub Restaurant), Əbülfəz Həbibov (Baku Marriott Hotel Boulevard) və Nüsrət Səlimov (Khazar Palace Lenkeran Hotel) bir araya gəliblər.

“Biomüxtəlifliyin qorunması gələcəyimizin təminatıdır. Qida biomüxtəlifliyi torpaqdan başlayıb, süfrədə bitir” – deyə Orxan Muxtarov bildirib.

“Bir aşpaz kimi menyu hazırlayarkən istifadə etdiyim ərzaqların dad və keyfiyyətini nəzərə almaqla yanaşı ətraf mühitə zərərli olmamasına da diqqət yetirirəm. Bunun üçün kimyəvi qatqıları olan xammal əvəzinə ekoloji cəhətdən təmiz, dondurulmuş, konservləşdirilmiş halda ölkəyə idxal olunan xammal əvəzinə isə yerli istehsalçılardan birbaşa və ya vasitəçilərlə əldə etdiyim məhsullardan istifadə etməyə çalışıram. Xəstəliklərin, təbii fəlakətlərin tüğyan etdiyi bir vaxtda biomüxtəlifliyi qorumaq nəinki biz aşpazların, hər bir qida istehsalçısı və istehlakçısının da məsuliyyətidir”.

Slou Fud layihəsinin partnyoru, Azərbaycan qastronomiyasının dünya üzrə promouteri Azərbaycan Turizm Bürosu (ATB) aşpazların bu təşəbbüsünü dəstəkləyir. “Yaxşı, təmiz və ədalətli qida naminə qlobal hərəkata qoşulmaq hər bir aşpaz, həmçinin hər bir vətəndaş üçün böyük şərəfdir” – deyə Azərbaycan Turizm Bürosunun Sənaye Birlikləri üzrə Meneceri Səkinə Əsgərova qeyd edib. 2018-ci ildə Turində keçirilən Terra Madre tədbirində ilk iştirakından sonra o, Slou Fud fəlsəfəsinin toxumlarını özü ilə birlikdə Azərbaycana gətirərək bu toxumları müxtəlif istiqamətlərdə yetişdirməyə müvəffəq olmuşdur. Bunlardan biri də 7 aşpazı özündə birləşdirən Alyansdır.

“Bu, təbiətimizin və etnoqrafiyamızın biomüxtəliflik nümunələrini qoruyub saxlaya biləcəyimiz,
həmçinin onları bizə ötürüləndən daha yaxşı bir şəkildə gələcək nəsillərə ötürə biləcəyimiz
mükəmməl bir vasitədir. Yalnız bu yolla əlimizdə olan resursların həqiqi dayanıqlılığına nail ola
bilərik. Bu fəlsəfənin yalnız aşpazlarımıza deyil, həmçinin icma üzvlərimizə aşılanmasını, Azərbaycanın Slou Fud Səyahət destinasiyalarından birinə çevrilməsini və nəhayət bütün dünya ölkələrindən insanların ölkəmizdə bu təcrübəni yaşamalarını səbirsizliklə gözləyirəm!”

Azərbaycan Kulinariya Mütəxəssisləri Asossasiyası üzvlərinin ilham aldıqları asossasiyanın prezidenti Orxan Muxtarov Slou Fud dəyərlərindən təsirlənərək Alyansa qoşulmuşdur. “Slou Fud termini Azərbaycanda çoxlarına məlum olmayan yeni bir anlayış olsa da onun fəlsəfəsinə biz yüzillər boyu sadiq qalmışıq və hələ də Azərbaycanın əksər bölgələri sadiq qalmaqdadır. Dünyanın bir çox metropolis şəhərləri kimi gözəl Bakımızda isə həyat izdihamlı, sürətlidir. Aşpazlar Alyansının bir üzvü kimi çalışıram ki, kənd həyatının təbiiliyini və ahəstəliyini keyfiyyətli, təmiz və ədalətli qida ilə daim tələsən şəhər həyatına yansıdım. Bunun üçün Dad Gəmisinə daxil olan məhsulları (28 məhsul artıq Slow Food Azərbaycan tərəfindən kataloqlaşdırılıb) mütəmadi olaraq menyuma əlavə edir, COVCHEG layihəsinə qoşulan yerli istehsalçılarla dostluq və əməkdaşlıq qurur, Azərbaycanın qastroturizm potensialının üzə çıxarılmasında və təbliğində fəal iştirak edirəm” – deyə Azərbaycan Kulinariya Mütəxəssisləri Asossasiyasının icraçı direktoru, Azərbaycan Aşpazlar Alyansının koordinatoru fudbloqer Fərhad Aşurbəyli bildirib.