Mehxoş

Üzümdən və nardan hazırlanan bu içki şəraba bənzəsə də, onun hazırlanması daha böyük zəhmət tələb edir. Ənənəvi hazırlanma prosesi iki mərhələdən ibarətdir. Birinci mərhələ narın emalı ilə əlaqədardır.

Nar oktyabr və noyabr aylarında yetişir. Meyvə yığılandan dərhal sonra suyu sıxılır. Bu proses günün ən sərin və havalı saatlarında, yəni səhər saat 5-7-də həyata keçirilir. Əldə edilən meyvə suyu ağzı bağlı qablarda, iki metr dərinlikdə və ya soyuq otaqlarda saxlanılır. Gələn il üzüm mövsümünə qədər oradan çıxarılmır.

Qırmızı üzümün yetişmə mövsümü avqust-sentyabr aylarını əhatə edir. Üzüm yığılandan sonra mayalanır. Maye üç həftə davamlı qarışdırılır, mayalanmış məhsul üzüm lətindən ayrılır və şirəsi əvvəlki aylarda saxlanılmış nar şirəsi ilə qarışdırılır. Beləliklə, məhsulun “sürətli fermentasiya” etdiyi ikinci müddət başlayır və burada o, oksigensiz, isti, lakin kölgəli bir yerdə yerləşdirilir. Məhsul tünd qırmızı rəng aldıqda süzülür və daha sonra durulaşdırılır. Süzülmüş məhsul böyük şüşələrə yığılır və sərin yerdə saxlanılır. Bir həftədən sonra yenidən süzülür. Bundan sonra şərab yetişməyə başlayır. Narın qoxusu və turşuluğu aşkar hiss olunur; çünki məhsul iki meyvənin qarışığından ibarətdir və bu meyvənin zülal fermentləri üzümə nisbətən daha güclüdür.

Mehxoş hazırda bəzi ailələr tərəfindən ev şəraitində hazırlanır. O, şərab növü kimi xarakterizə olunsa da, keçmişdə ondan nəinki bir içki, həm də iki meyvənin antioksidan xüsusiyyətləri sayəsində ürək-damar xəstəlikləri üçün müalicə vasitəsi kimi də istifadə olunurdu.

Nar Azərbaycanın süfrə mədəniyyətində hər zaman xüsusi rol oynamışdır. Yerli əhali süfrə üçün doşab və şərabla yanaşı, sirkə hazırlamaq üçün nardan istifadə etmişdir. Mehxoş ölkədə qastronomiya baxımından vacib rol oynamışdır. Məhsul hal-hazırda da çoxları tərəfindən hazırlanır. Onun haqqında məlumat və ya yazılı resept yoxdur.

Əvvəllər bu məhsul keçmiş Borçalı bölgəsi (indiki Kvemo Kartli) ərazisində və Azərbaycanın Qazax rayonunda istehsal edilmişdir. Borçalıda və Qafqazda, ümumiyyətlə, XIX əsrdə qurulmuş Qafqazın “Kaukasiendeutsche” adlandırılan alman mənşəli icmaları narın xəstəliklərə qarşı müalicə vasitəsi olduğuna inanırdılar. Özlərini bütünlüklə üzümçülük və əkinçilik fəaliyyətinə həsr etmiş almanlar, bu növ şərabı yalnız Borçalıda deyil, Helenedorfda (indiki Göygöl) da evlərdə istehsal edirdilər.