Maxara

Maxara ölkənin soyuq iqlimə malik şimal bölgəsi üçün xarakterikdir. Cənub bölgəsi ilə müqayisədə, burada yaşayan insanlar isti fəsilləri  daha səbirsizliklə gözləyirlər. Buna görə də, bu məhsul daha çox yazda hazırlanır.

Maxara isti sacda bişirilən günəş formalı krep növüdür. Krepin əsas inqrediyentlərinə un, süd və yumurta daxildir. Bunlar isti sacın üzərinə tökülür, bişərkən kənarları axır və günəşə bənzər şəkil alır. Hər maxaranın diametri təqribən 20 – 30 santimetr, qalınlığı isə təqribən 0.3 santimetr olur. Yağ ilə deyil, piy ilə qızardıldığından, tavada bişirilən ümumi kreplərlə müqayisədə, xüsusi dada və qoxuya malikdir.

İnqrediyentlərə bir litr süd, 1 kq un, 3 yumurta, 0.5 litr su, 250 qr şəkər tozu və yarım çay qaşığı duz daxildir. Çırpılmış yumurtalara şəkər tozu əlavə edilir, ardından süd və un tökülür. Qarışdırılır və bir çimdik duz əlavə olunur. Bir az su tökülür. Qarışıq bir kasadan isti sacın üzərinə tökülür və hər iki tərəfi bişirilir. Sonda əlavə olunan bal krepə xüsusi dad qazandırır. Normal bir tavada bişirildikdə, ənənəvi isti sacdakı kimi saçaqlar əmələ gəlmir.

Əsl maxaranın hazırlanması ustalıq tələb edir. Əslində, maxara maye halına düşənədək süzgəcdən keçirilir və qarışığı isti saca tökmə bacarığı sayəsində günəş formasını alır.

Bu yemək Azərbaycanda yaşayan Qafqaz avarları etnik qrupunun maddi mədəniyyət tarixinə “Şəfəq mərasimi”nin bir mərhələsi kimi daxil olmuşdur. Onlar uzun sürən yağışlardan sonra Günəşi, istiliyi arzuladıqlarından, maxara günəş formasındadır. O, baharın gəlişi ilə bağlı olan bayramlarda, nənələrin ənənəvi nəğmələrinin sədaları altında bişirilir. “Şəfəq mərasimi”ndə maxaralar bişərkən, bəzi uşaqlar süpürgədən gəlincik düzəldər və boğazına yaylıq bağlayaraq, uşaq mahnıları oxuyardılar.

Çoxlu yağışlar yağanda kəndin qızları süpürgədən hazırlanmış gəlinciyi və şərfi götürərək qapı-qapı gəzər, birlikdə insanları maxara hazırlamaq üçün lazım olan ərzaqlar toplamağa dəvət edən mahnılar oxuyar, bununla da Günəşi səsləyərdilər.

Bahar festivalı yelləncəklər bağlanmış böyük bir ağacın yanında keçirilərdi. Uşaqlar kimin yellənərək ağaca toxuna biləcəyini görmək üçün yarışardılar. Qadınlar övladları oynayarkən maxara bişirərdi. Daha sonra molla gələr və baharın gəlişi münasibətilə xeyir-dua verərdi. Müasir həyat, məişət və mətbəx üslubu  ilə əlaqədar və “Şəfəq mərasimi” kimi xalq mərasimləri tədricən keçmişdə qaldığından, maxara yox olmaq təhlükəsi ilə üz-üzədir.