Marsan pomidoru

Azərbaycanın Qax rayonunun Marsan kəndi pomidor istehsalı ilə məşhurdur. Sovet dövründə kolxozda müxtəlif pomidor sortları yetişdirildiyindən, sakinlərin əksəriyyəti onu həyətyanı sahələrində becərmirdilər. Ancaq bir ailə öz nənə və babasından miras qalan toxumları qorumuş və sonra pomidor yetişdirmək istəyən az sayda ailəyə paylamışdı. Kənd fermerlərinin seçmə işləri sayəsində, Marsan pomidoru tədricən, bir növ, “yerli brend” statusu qazanmışdır.

Mərsan pomidoru böyük ölçülü olması və gübrəyə ehtiyac duymaması ilə tanınır. Bitkilər təxminən 2 metr hündürlüyə çatır, meyvələri sferikdir, diametri təxminən 10-13 santimetrdir. Yetişmiş pomidorlar şirin və şirəlidir, qırmızı rəngli qabığı nazik və incədir. Toxumlar, adətən, mövsümün böyük ölçülü ilk pomidorlarından yığılır. Şitillər sahələrə may ayında əkilir və yığım payızın ilk şaxtalarına qədər davam edir. Torpaq gübrələnmir, zərərvericilərlə mübarizə tələb olunmur və pomidorların şirin dadını pozmamaq üçün bitkilər azca suvarılmalıdır. Hal-hazırda yalnız bir neçə ailə Marsan pomidorunu öz istehlakı üçün yetişdirməkdə davam edir. Salatlarda və digər yeməklərdə təravətli halda istifadə olunur; ən böyük meyvələrdən pomidor sousu hazırlanır və daha kiçik meyvələr digər yerli tərəvəzlərlə birlikdə turşuya qoyulur.