Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda yeni Bal Prezidiumu təsis olunur

Azərbaycanda arıçılığın geniş yayılmasına imkan verən əlverişli iqlim şəraiti və təbii mühit mövcuddur. Ölkənin Şimal-Qərb hissəsində dağlıq və orta dağlıq ərazilərindəki mülayim iqlim şəraiti bu kənd təsərrüfatının qədim zamanlardan bəri inkişafına imkan verib.

Hal-hazırda dağ bölgələrində yalnız bir neçə arıçı təknə arıçılıq üsulunu qoruyub saxlayır, çünki XIX əsrdə çərçivə pətəklərinin geniş tətbiqindən sonra bu, çox məhsuldar bir metod olmamışdır. Bu səbəbdən yeni bir Prezidiumun yaradılması həşəratlara, təbiətə və apoidlərin yetişdirildiyi və balın istehsal olunduğu ekosistemə rəğbət göstərən bu təcrübəni qoruyub saxlamağa kömək edə bilər.

Əslində, yabanı “təknə” arıçılığı ənənəsi Azərbaycanın Şimal-Qərb bölgələrindəki insanların öz təsərrüfatlarında ibtidai alətlərdən istifadə etdikləri qədim zamanlara qədər uzanır. Bu metoddan istifadə edilərkən köçəri arıçılıq üçün əlavə qayğı və təcrübəyə ehtiyac olmadığına görə bu, planlı və məqsədli bal istehsalına doğru ilk addım idi.

Prezidium istehsalçılarından biri olan, arıçı və Azərbaycan Arıçılar Assosiasiyasının sədri Həsrətov Bədrəddin ilə söhbət etdik. O, Qax rayonunun Ləkit kəndində yaşayır. Bədrəddin bəy 1964-cü ildə anadan olub, onun ata-babalarının əsas peşəsi çobanlıq olduğu halda, arıçılıq onun uşaqlıqdan bəri sevdiyi iş olub. Bu gün isə onun yeganə işidir.

Arıçılıq işini necə seçdiz?

İş həyatımın ilk mərhələsinə uşaq vaxtı çoban kimi başladım. 1985-ci ildə dağın ətəyində qoyun otararkən təsadüfən pətəklərdə arı ailəsi tapmışdım. Arılarla o qədər maraqlanırdım ki, arılar haqqında kitablar oxuyaraq onların həyatını öyrənməyə başladım. Ailəm arıçılığa başlamaq qərarıma qarşı çıxdı. Onlar məni çoban kimi görmək istəyirdilər. Çobanlıq mənim üçün bir ailə ənənəsi olsa da, arıçılıq mənim ən sevdiyim iş idi, ona görə də, bu hadisədən sonra evdən Rusiyaya qaçdım. Nevni kəndinə köçdüm və ilk arıçılıq fəaliyyətimə arıçı köməkçisi olaraq başladım. Artıq ikinci il arıçı kimi işləyirdim. Üçüncü ildə məni böyük bir arıçılıq təsərrüfatına rəhbər təyin etdilər. Altı il həmin təsərrüfatı idarə elədim. 1990-cı illərdə Azərbaycana qayıtdım. Bundan sonra yenidən çobanlığa başladım. Arıçılıqla məşğul olmaq üçün maddi imkanım yox idi. Bir müddət çoban işlədikdən sonra beş arı ailəsi ala bildim. Onları çoxaltmaqla minə yaxın arı ailəsindən ibarət bir təsərrüfat yaratdım. Həmin ərazidə arıçılıq üzrə damazlıq təsərrüfatı da yarada bildim. Həm də burada arı südü toplayan ayrıca bir təsərrüfatın əsasını qoydum. Həmçinin, burada qutular və çərçivələr düzəldən emalatxana işlətməyə başladım. Çox gözəl mağazamız quruldu. Arı şanı düzəltdik. Beləcə, yavaş-yavaş təsərrüfatımı arıçılıq mərkəzinə çevirdim.

Təsərrüfatınızda nə qədər insan işləyir?

Bizimlə təxminən iyirmi nəfər işləyir. Arıçılar üçün ayırca bir məktəb də var. İl ərzində insanlar arıçılıq peşəsinin sirlərini burada öyrənirlər.

Burada baldan başqa hansı məhsullar istehsal edirsiniz?

Bal arılarının on dörd fərqli məhsulu var – on məhsul qablaşdırılır, dörd isə yox. Hətta ölü arıları emal edib qablaşdırdığımız məhsullar üçün material kimi istifadə edirik. Arı şanı, müalicəvi kremlər və s. hazırlayırıq.

Təsərrüfatınızda hansı arılar var?

Əsasən, Boz Qafqaz arı cinsi. Lakin digər qarışıq arı növləri də var. Bundan əlavə, Boz Qafqaz arı cinsini qorumaq üçün Qax rayonunun Ləkitkötüklü kəndində ayrıca ərazimiz də var. Burada arıları qorumaqla yanaşı, həm də onları yetişdiririk – artırıb çoxaldırıq.

O zaman sizdə başqa heyvan yoxdur, elə deyilmi?

İtlərimiz və göyərçinlərimiz var. Bununla belə, yalnız arıçılıqla məşğul oluruq.

Bu cəmiyyətin Prezidium olaraq formalaşması və bir qrup kimi fəaliyyət göstərməsinin iqtisadiyyata və arıçılığa necə təsir edəcəyini düşünürsünüz?

Düşünürəm ki, bir ad altında brend yaratmaq bazara girmək üçün çox yaxşı təşəbbüsdür. Bazarla ayaqlaşmaqda çətinlik çəksək də, arıçıların layihənin təşəbbüsü ilə eyni cəmiyyətdə toplaşıb fəaliyyət göstərməsi, əslində, hər birimizin iş yükünü yüngülləşdirir. Kömək məqsədilə belə bir layihəyə ehtiyacımız vardı.

COVCHEG kimi layihələrin bölgədə nə qədər vacib olduğunu düşünürsünüz?

Bu, bölgədə arıçılığın inkişafına təsir göstərəcək. Arıçılığın inkişafı özlüyündə ekologiyanın, həmçinin kənd təsərrüfatının inkişafı deməkdir. Bu, insanların miqrasiyasının qarşısını alır və işsizlik üzündən xaricə gedən gənclərimiz arıçılığın inkişafı ilə ata-baba peşələrinə yiyələnərək burada qalıb işləyə biləcəklər.

Slow Food Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq şəraitində Azərbaycanın pilot bölgələrində kənd yerlərinin balanslı inkişafına və dayanıqlı qida sisteminə töhfə vermək məqsədilə üçillik “Böyük Qafqaz Dağlarında İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsini həyata keçirərək yerli və regional qida zəncirlərini və Slow Food Səyahət proqramı modellərini təbliğ edir. Bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlığın müxtəlif vasitə və metodologiyaları vardır və sözügedən layihənin həyata keçirilməsində mümkün qədər geniş auditoriyanı və maraqlı tərəfləri cəlb etmək nəzərdə tutulur.