Marsan pomidoru toxumunun qoruyucusu Həlimə Mirzəxanova ilə söhbət

Marsan Cənubi Qafqaz dağlarının əhatəsində kiçik Qax şəhəri yaxınlığında yerləşən balaca və çox tanınmayan bir kənddir. Bu kiçik kənddə maraqlı bir xanım – Həlimə Mirzəxanova yaşayır. Onun 64 yaşı var. Bir tərəfdən, o, Azərbaycanın çoxsaylı kəndlərində yaşayan həmyaşıdı olan bir çox qadınlardan fərqlənmir. Çox mehribandır, sevinc saçan üzündən gülüş heç vaxt əskik olmur. Bununla belə, bu xanım elm adamları, ekoloqlar və genetiklərin bacarmadığı bir işi bacarıb – Marsan pomidorunun unikal bir sortunu qoruya bilib.

O, bu sortun toxumlarını anasından, anası da öz növbəsində nənəsindən alıb.

Həlimə xanımla görüşməyə getdik.

Marsan kəndinə çatar-çatmaz bu qadının evini tapdıq – o burada həyat yoldaşı ilə yaşayır. Qadın elə təndiri təzəcə qızdırırdı və bizdən lavaşın bişməyini gözləməyimizi xahiş elədi. Missiyamızın məqsədini və qorunub saxlanmış pomidor sortuna olan marağımızı ona izah etdik. Həlimə xanım təəccübləndi – axı bu adi bir pomidor idi.

Pomidor yetişdirməyə marağınız nə vaxt başlayıb?

Evləndikdən sonra ailəm üçün pomidor yetişdirməyə başladım. Uzun illərdir ki, bu işi fərdi şəkildə edirəm. Bu sortu yetişdirmək mənim üçün çox vacibdir … bu, sadəcə bir iş yox, həm də fəlsəfədir! Bunu da qeyd etmək lazımdır ki, keçmişdə bütün Sovet İttifaqını pomidorla təmin edən Azərbaycana 1990-cı ildən bəri çoxsaylı pomidor sortları idxal olunmağa başladı. Pomidorların nəfis dadının olmadığını heç düşünməyin, əsas meyarlar gözəl görünüş və daşına bilmə qabiliyyəti idi və buna görə də, onlar bazarda bu qədər dəyər qazandı. Lakin ailəmin dəyərləri çox fərqli idi. Bu ailədəki həyat uğuru mənfəət yox, təhsil və sağlamlıq idi. Ailəm hər üç oğlunun ali təhsil alması üçün hər şeyi etdi, bəs sağlamlıq olmadan təhsil nəyə lazımdır? Genetik modifikasiya olunmuş qidalar nə cür sağlamlıq verə bilər ki? Buna görə də, ulu nənəmin pomidorlarının toxumlarını əkməyə davam elədim və qonşularımı da buna dəvət etdim.

Qonşulardan bir çoxu buna əsəblə yanaşdı, düzdür?

Bəli, məndən bu pomidorları yetişdirmək üçün nəyə görə bu qədər zəhmət çəkdiyimi soruşdular. Ancaq mənim üçün onların xüsusi bir dadı var. Vaxt keçdikcə insanların yeni sortların dadının Həlimə xalanın pomidoru ilə müqayisə oluna bilməyəcəyini başa düşdükləri məqam yetişdi. Mal peyinindən başqa heç bir gübrə istifadə eləmirəm. Hətta gözlənilməz xəstəlik olsa belə, təsərrüfatda kimyəvi maddələrdən istifadə etmirəm.

Əkdiyiniz bu pomidordan nəsə istehsal edirsiniz?

Mətbəximdə istifadə etmək üçün pomidor şirəsi və hətta tomat hazırlayıram. Bağımızdan olan bibər və digər tərəvəzlərlə bankalarda pomidor turşusu hazırlamaq kimi ənənəmiz də var.

Təsərrüfatında pomidordan başqa bir şey yetişdirirsiniz?

Pomidordan əlavə, qarğıdalı, bibər, badımcan, kartof, həmçinin evimiz, geniş ailəmiz və qonaqlarımız üçün istifadə edə biləcəyimiz miqdarda hər şeyi yetişdiririk.

Pendir və fındıq kimi məhsullar da hazırlayır və yetişdirirsiniz, yoxsa onlarçün əlavə vaxt lazımdır?

Mal-qara saxladığımız vaxt pendir hazırlayırdım. Yaşlı olduğumuz üçün iri buynuzlu heyvan saxlamırıq.

Sizcə, layihə bu toxumu qoruyub saxlamağınıza kömək edəcəkmi? Bu təsərrüfatın, bu pomidor sortunun qorunması üçün Prezidiumun nə faydalarını görürsünüz?

Məncə, faydalı olacaq. Bu, atalarımızdan miras qalan toxumdur. Bu layihə vasitəsilə Marsan pomidorunun gələcək nəsillər üçün qorunması yaxşı olardı. Düşünürəm ki, bu cür layihələr və bu layihələr zamanı baş verən faydalı görüşlər və danışıqlar bizə bu sahədə daha çox motivasiya verir.

Bu, qatıldığınız ilk layihədir, bəs bu layihəyə qatıldıqdan sonra hər hansı bir dəyişiklik görmüsüz?

Əlbəttə. Layihə müddətində bizi həvəsləndirirdilər ki, digər təsərrüfatlardan olan insanlarla görüşək, fikir mübadiləsi aparaq, təsərrüfatı inkişaf etdimək və genişləndirmək və hətta məhsulu qorumaq ilə bağlı danışıqlar aparaq.

Həlimə xanım qürur duyur ki, bu əsrdə təkcə nəsli kəsilməkdə olan bu pomidor sortunu qoruyub saxlamağı deyil, həm də kiçik və tanınmayan kənddə dadlı bir brend üçün ilkin şəraiti yaratmağı bacarıb.

O bizə bir ovuc toxum uzadıb dedi: “Biz bu qədim torpaqda yaşayırıq və bizə onun verdiyi və atalarımızdan miras qalan hər şeyi əziz tutmalıyıq. Hər meyvə iqlim dəyişikliyi, parazitlər və xəstəliklərlə mübarizədən keçərək günümüzə qədər yaşayıb və onlara qarşı immunitet yaradaraq qədim zamanlardan bəri bu torpaqda yaşayan biz azərbaycanlılara ötürüb. Bu sort da həmin mübarizədə qalib gəlib, xəstəlikləri, soyuğu, aclığı ram edib. Biz onun rahatlıq, mülayimlik və təmizlik saçan evinə girdik və şirin pomidorun dadına baxaraq, səssizcə bu sadə qadının bilinməyən qəhrəmanlığı haqqında düşündük.

Slow Food Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq şəraitində Azərbaycanın pilot bölgələrində kənd yerlərinin balanslı inkişafına və dayanıqlı qida sisteminə töhfə vermək məqsədilə üçillik “Böyük Qafqaz Dağlarında İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsini həyata keçirərək yerli və regional qida zəncirlərini və Slou Fud Səyahət proqramı modellərini təbliğ edir. Bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlığın müxtəlif vasitə və metodologiyaları vardır və sözügedən layihənin həyata keçirilməsində mümkün qədər geniş auditoriyanı və maraqlı tərəfləri cəlb etmək nəzərdə tutulur.