Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda yeni Prezidium təsis olunur: Qafqaz Camışı

Fermer Vüsal İbrahimov ilə söhbət

Qafqazda yetişdirilən camışların təxminən 70%-i Azərbaycanın payına düşür və buna görə də, sözügedən cins Azərbaycan camışı da adlanır. Camışlar çox tələbkar heyvan deyil və onların varlığı torpağın məhsuldarlığını artırmağa kömək edir, bu da saxlandıqları sahələrin becərilməsini asanlaşdırır.

Bütün su camışları kimi Qafqaz camışının da iri buynuzları, güclü bədənləri və qara dəriləri var. Tünd rəngdə olduqlarına görə parlaq günəş şüaları onların bədən temperaturunu artırır, bu səbəbdən onlar isti günlərdə bataqlıqlarda, durğun suda, gölməçələrdə və ya çay yataqlarında üzməyi sevirlər.

Onlar, əsasən, Azərbaycanın bataqlıqlar, göllər və qamış bitki örtüyü ilə zəngin olan Aran ovalığında yayılmışdır. Camış saxlayan ailələrin əksəriyyətində ekstensiv şəkildə yetişdirdikləri bir neçə heyvan da olur. Azərbaycanda camış südü üzrə bazar yaxşı inkişaf etmədiyinə görə əksər fermerlər südlərini emal edərək onu kərə yağı, pendir, kefir və digər məhsullara çevirir və onları birbaşa satırlar. Qafqazdakı camış populyasiyaları 20-ci əsrin ortalarından bəri azalmaqdadır.

Bu da Azərbaycanda sahələrin texniki bitkilərin becərilməsi üçün ayrılmasına görə otlaqların tədricən daha çox itirilməsindən qaynaqlanır. İkinci səbəb isə iqlim dəyişikliyinin nəticəsi olan quraqlıq və su təchizatının azalmasıdır ki, camışlar da bundan çox asılıdırlar. Buna görə də, “Slow Food” Prezidiyasının yaradılması istehsalçılara gündəlik işlərində, həqiqətən, kömək edə və yerli əhali arasında ənənəvi camış otarmasının davamlı şəkildə tətbiq edilməsini artıra bilər.

“Slow Food” Prezidiyası birbaşa fermerləri dəstəkləyir və biomüxtəlifliyi müdafiə edən və ənənəvi qida istehsalı texnikalarını qoruyub-saxlayan təsərrüfat cəmiyyətlərinin təsis edilməsini əhatə edir. Bu, fermerlərin daha az təklənməsinə, birlikdə çətinliklərin öhdəsindən gəlməyə kömək edir və üçüncü tərəflərin vasitəçiliyi olmadan bazara çıxışı təmin edir.

Biz COVCHEG layihəsi sayəsində mütəxəssislərlə görüşlər və beynəlxalq təcrübə mübadiləsi yolu ilə təlim almış, gənc Prezidium fermeri olan Vüsal İbrahimov ilə söhbət etdik.

“Mənim 36 yaşım var və mən evliyəm” – deyə Vüsal bəy söhbətə başladı. “Uşaqlığımdan bəri camış yetişdirmişəm. Bu məşğuliyyət mənə nəsildən nəslə ötürülüb. Atamın əmilərindən birinin böyük camış təsərrüfatı olub və digər qohumlarımız da onun köməyilə  camışçılığa başlayıblar. Hazırda, onun təxminən 100 camışı var. Mən də 30 ildir ki, Qafqaz camışı cinsini yetişdirirəm və bu, bizim bölgədəki ənənəvi və nadir camış cinslərindən biridir. Bundan əlavə bir neçə inək, qoyun və keçi də saxlayıram. Bu cinsin ən yaxşı tərəfi minerallarla zəngin yüksək həcmli südünün olmasıdır. Mənim 5 daimi işçim, çobanım və keşikçim var. Amma mövsüm vaxtı işçilərin sayı 16-a çatır və bu da yem tədarükü görməyə kömək edir.”

Bunların hamısı sadə şərtlərdə yetişdirilir.

“Məsələn – deyə Vüsal bəy sözünə davam edir: çoban sürünü səhər otlağa aparır və gecə geri gətirir. Gecə vaxtı biz onları yemləyib qapalı fermaya aparırıq. Yay vaxtı yetişdirmə şərtləri sadə olur, amma soyuq aylarda onların təhlükəsizliyini və sağlamlığını qorumaq çətinləşir.”

Mal-qaradan fərqli olaraq, camışlar soyuq havaya dözümlü deyillər: Mal-qara -20° C-yə davam gətirə bilər, halbuki camışlar -1° C-dən aşağı temperatura məruz qalmamalıdır, çünki onları qoruya biləcək bədən yağları çox azdır.

Kənd təsərrüfatı ilə sinerji də vacibdir.

Vüsal bəy öz təsərrüfatında arpa, buğda toxumu və qarğıdalı da yetişdirir. Bunlardan heyvanları yemləmək üçün istifadə edir və heyvanlar üçün lazımlı dərmanları hazırlamaq məqsədilə onları təbii dərman fabrikinə satır. Qafqaz camışları, əsasən, süd istehsalı üçün yetişdirilir. Südləri çox zəngin olub yağ nisbəti 8%-ə qədərdir.

“Yalnız süd istehsal edə bilirik, çünki südü emal etmək üçün avadanlığımız və onu almaq üçün o qədər pulumuz yoxdur. Gəlirli olmadığına görə ev şəraitində emal etmək də səmərəli deyil. Buna görə də, Prezidium layihəsi çox vacibdir: biznesimi inkişaf etdirmək üçün bəzi avadanlıqlar, məsələn, sağım maşını əldə edə, kiçik fabrik tikə və istehsal protokolu sayəsində çox şey edə bilərəm. Bu layihəyə qoşulmazdan əvvəl atam demişdi ki, camışlarımızın çoxunu satmalıyıq, çünki onlar sərfəli deyil və əlavə işə səbəb olur. Lakin bu layihədən sonra hər hansı bir nəticə əldə edənə kimi bir neçə il daha gözləməyə qərar verdik. Düşünürəm ki, bu layihə xam məhsullarımızı emal edib daha böyük bir bazara çıxmağımız üçün faydalı ola bilər. Ərazimizin əkinçilik təsərrüfatları üçün daha böyük potensialı var və hətta əkinçiliyə başlamaq üçün hər cür şərait mövcuddur.”

Slow Food Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq şəraitində Azərbaycanın pilot bölgələrində kənd yerlərinin balanslı inkişafına və dayanıqlı qida sisteminə töhfə vermək məqsədilə üçillik “Böyük Qafqaz Dağlarında İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsini həyata keçirərək yerli və regional qida zəncirlərini və Slou Fud Səyahət proqramı modellərini təbliğ edir. Bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlığın müxtəlif vasitə və metodologiyaları vardır və sözügedən layihənin həyata keçirilməsində mümkün qədər geniş auditoriyanı və maraqlı tərəfləri cəlb etmək nəzərdə tutulur.