Aİ-nin Maliyyələşdirdiyi COVCHEG Layihəsinin Təsiri

Heyvanlarını örüşdən gətirən çobanları salamladığımız, kartof və yonca yığdığımız, təptəzə süd, çörək və bir çox məmulatlar üçün növbədə dayandığımız vaxtlar hələ də yadımdadır. Şəhərdən təsərrüfatçı qonşularımıza bəzi xırda sənaye məhsulları gətirər, əvəzində ərzaq alardıq. Amma zəmanə dəyişdi, bir çox təsərrüfatçılar çıxıb getdi və beləcə, ənənələr də, demək olar ki, yoxa çıxdı. İndi biz şəhərə gedəndə kəndli qonşularımız bizdən onlar üçün ərzaq almağımızı xaiş edirlər.

Bir müddət əvvəl Slow Food hərəkatına qoşuldum və yerli biomüxtəlifliyi qorumaq məqsədilə COVCHEG layihəsinə qatıldım. Layihə Aİ-nin maliyyə dəstəyi ilə Slow Food tərəfindən Heyvanların Qorunması İçtimai Birliyi və AKBMA ilə birgə həyata keçirilir və Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya Nazirliyi, İqtisadiyyat Nazirliyi, KOBİA, Təhsil Nazirliyi və Paşa Travel tərəfində dəstəklənir.  Bu layihə Azərbaycan iqtisadiyyatının iki ən vacib sektorunu əhatə edir: kənd təsərrüfatı və turizm. Bir tərəfdən, təsərrüfatçılara və istehsalçı kooperativlərinə texniki dəstək göstərdiyimiz təqdirdə kənd təsərrüfatı məhsullarının istehsalı kəndlərdə iqtisadiyyatın inkişafına böyük təkan ola bilər. Digər tərəfdən isə yerli biomüxtəliflik və qastronomiyaya əsaslanan davamlı aqroturizm modelinin yaradılması təsərrüfatçılar üçün alternativ gəlir mənbəyi ola bilər.

İcrasının ilk ilində sözügedən layihə 50-dən çox yerli məhsulun xəritələşməsini həyata keçirmiş və insanları məlumat toplayıb öz yerli irslərini təbliğ etməyə həvəsləndirən müsabiqəyə də başlamışdır.

Bu məhsullar ölkəni, daha geniş bir regionu və onun təsərrüfatçılarını təmsil edirlər və bunlar dünyanın qastronomiya ənənələrindən ibarət ən böyük kataloquna: Dad Gəmisinə daxil edilmək üçün təqdim olunmuşdur. 

Bundan əlavə, biz Dad Gəmisindən Prezidiada yer alma potensialı olan altı məhsul seçmiş və onların istehsal keyfiyyətini yaxşılaşdırmaq və bazara çıxarılmasını artırmaq məqsədilə onlar üçün kooperativlər qurmağa başlamışıq. Bu, heç də asan bir iş deyildi: qadınlar da daxil olmaqla, 60-dan çox təsərrüfatçı potensialın inkişaf etdirilməsi üzrə təlimlərimizə qoşuldu və daha sonra yerli və beynəlxalq ekspertlər onlara baş çəkərək onlardan bir neçə dəfə müsahibə aldılar. Bütün bu məlumatlar üzərində işlədikdən sonra həmin məhsulların seçimi həyata keçirildi və hal-hazırda Slow Food yeni Prezidia üçün istehsal protokollarını hazırlayır. 

Layihənin digər önəmli bir tərəfi isə Slow Food Travel üçün təsərrüfatların xəritələşməsinin həyata keçirilməsi idi. Turizm ekspertlərimizlə birgə təsərrüfatçılara baş çəkib onlara özlərinin aqroturizm potensiallarını izah edərkən təsərrüfatçıların necə həvəsə gəldiyini hələ də xatırlayıram. İndi biz yerli biomüxtəlifliyi təbliğ etməklə kənd yerlərində əlavə gəlir imkanları yaradacaq turizm marşrutları və fəaliyyət növləri üzərində işləyirik. İnanırıq ki, bu dəyişiklik kənd sakinləri üçün mühüm bir marketinq dəyərinə çevirilərək onların hekayələrini dinləyəcək, məhsul istehsalı ilə məşğul olacaq, birbaşa bağ-bostan məhsullarını dadacaq və kənd mədəniyyətini paylaşacaq çoxsaylı turistlərin axınına səbəb olacaqdır. Bizə həm də restoranlar və aşpazlar da qoşulublar və biz də tezliklə öz mətbəxlərində biomüxtəlifliyin qorunması və təbliği üçün mübarizə aparan qastronomiya qəhrəmanlarını bir araya gətirmək məqsədilə Slow Food Aşpazları Alyansının yeni filialını açacağıq. 

Ən sonda bildirmək istərdim ki, Azərbaycan Slow Food Gənclər Şəbəkəsinin yaradılması COVCHEG layihəsinin böyük bir nailiyyəti idi ki, bununla da gənclərin ürəyini fəth etdi və müxtəlif platformalar vasitəsilə bu layihə barədə maarifləndirmə işinin həyata keçirilməsi üçün onların dəstəyini qazandı. İki gənc fəal ilə fəaliyyətə başlamış bu şəbəkənin indi 14 fəal könüllüsü var və yeni üzvlər tapmaq və onları komandaya cəlb etmək məqsədilə ilk qəbul kampaniyasına da artıq başlayıb.

Məqalə müəllifi: Yaqub Zeynalzadə