Səməni halvası

Səməni halvası qəhvəyi-qara rəngi ilə seçilən ənənəvi halva tipli şirniyyatdır. Bu halvanın hazırlanmasında cücərdilmiş buğda suyundan istifadə edilir. Yerli buğda sortlarının toxumları bir sinidə 15-20 gün cücərdilir, sonra doğranılaraq cuna ilə sıxılır. Şirə tam buğda unu (yerli buğdadan hazırlanır, su dəyirmanında üyüdülür) ilə qarışdırılır və qarışıq mis qabda bişirilir: uyğun miqdarda bişmiş kərə yağı əlavə edilir və hamısı uzun saplı taxta qaşıq ilə davamlı qarışdırılaraq, 10 saat qaynadılır. Qarışdırarkən ədviyyatlar (darçın, istiot, zəncəfil, hil) bir-bir əlavə edilir. Sonra kütlə soyudulur, yerli çiçək balı və ya şərbət və əzilmiş qoz-fındıq qarışığı əlavə olunur. Soyudulmuş kütlə, bir-birinə yapışmasının qarşısını almaq üçün əl ilə şəkərin içində yuvarladılmış top və ya yastı yumurta formaları şəklində düzəldilir. Səməni halvası çayla birlikdə süfrəyə şirniyyat kimi təqdim olunur. Quru və sərin yerdə 2 ilə qədər saxlanıla bilər.

Ənənəyə görə, Səməni halvası ildə bir dəfə – yalnız Novruz bayramı üçün Dəmirçi (Şamaxı rayonu) və Lahıc (İsmayıllı rayonu) dağ kəndlərində istehsal olunurdu. Bu ailə ənənəsinin atəşpərəstliyin Novruz üçün səməni cücərtmə ənənəsindən qaynaqlandığı ehtimal olunur. Hər ailə öz istehlakı və hədiyyə etmək üçün halva hazırlayardı. Dəmirçi kəndində turizmin inkişaf etməsinə baxmayaraq, yalnız bir neçə ailə il ərzində turistik məkanlardakı bazarlarda və ixtisaslaşmış mağazalarda satmaq üçün Səməni halvası istehsal edir. Bəziləri onu yalnız daimi müştəriləri üçün və yalnız 3 həftə əvvəldən verilən sifarişə əsasən hazırlayırlar.